Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri: böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib.

05 aprel 2022 | 16:00

     Aprelin 5-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri: böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Şəhidlər Xiyabanında şəhid ailələri ilə birlikdə aprel şəhidlərinin məzarları ziyarət edilib.
      Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində Uşaq Gənclər və İnkişaf Mərkəzinin şagirdləri tərəfindən aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə mövzuya dair videoçarx nümayiş olunub. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
     Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, 4 günlük Aprel döyüşləri həqiqətən 44 günlük Vətən müharibəsindəki müqəddəs qələbəyə aparan şanlı yol olub, xalqımıza qələbə sevinci yaşadıb, tariximizə şanlı səhifə kimi yazılıb. Vurğulanıb ki, bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib.
     Tədbirdə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov  Aprel döyüşlərinin 2-ci Qarabağ müharibəsi üçün baş məşq olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikaların sınaqdan çıxarıldığını və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu nümayiş etdirib.   
     Tədbirdə  Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, Aprel döyüşləri və Vətən müharibəsi veteranı Salman Bayramov, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, Müharibə, Əmək və Silahlı           Qüvvələr Veteranları Şurasının İdarə Heyətinin üzvü Rizvan Mikayıllı çıxış edərək Azərbaycan xalqına qürur yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına və Azərbaycan əsgərinə minnətdarlıqlarını bildiriblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin işinə yekun vuraraq tədbirin işində yaxından iştirak edənlərə minnətdarlığını bildirib.   

 

Keçidlər