Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart-Azərbaycanlıların Soyqırım gününə həsr edilmiş tədbir oldu

31 mart 2022 | 16:00

         Martın 31-də şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önündə  31 Mart-Azərbaycanlıların soyqırım gününə həsr olunmuş izdihamlı tədbir keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri ilə yanaşı şəhər sakinləri də iştirak edirdilər. Tədbirdə şəhidlərin ruhuna dualar oxundu, soyqırım iştirakçılarının ruhları yad edildi.
         Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə geniş nitqlə çıxış etdi.
Torpaqlarımız uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhər rəhbəri çıxışı zamanı qeyd etdi ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
         XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay  qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları  həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə  yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
         XIX əsrin əvvəllərindən başlayaraq erməniləri tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
         Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı  dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.
Ötən əsrdə dörd dəfə-1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də göstərdi. 
İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan  xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini aşkar bəyan etmək məqsədilə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il «Azərbaycanlıların soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu başımıza açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırım və deportasiya hadisələrinin əsil mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmış, gizlinlərə aydınlıq gətirilməyə başlanmışdır.
        1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur.
İ.İsmayılov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında  2020-ci ildə  30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Şanlı Ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. O günlər uzaqda deyil.
        Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova, MDU-nun  baş müəllimi Tahirə Həsənova, 17 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı fikirlərini bölüşdülər. Tədbir Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önünə gül dəstələri qoyulmaqla başa çatdı.

 

Keçidlər