Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirlilər ümumşəhər Novruz şənliyində Bayram tonqalı ətrafında

19 mart 2022 | 16:00

19 mart 2022-ci il, Səməd Vurğun adına geniş meydan, Novruzu əks etdirən panno və plakatlarla bəzədilmişdi. Həmin gün yüzlərlə mingəçevirli meydan ətrafına toplaşaraq Novruz bayramını qeyd edirdi. Meydan ətrafında Novruzun atributlarını əks etdirən şirniyyatlar, xonçalar, məktəblilərin əl işlərindən təşkil olunmuş müxtəlif formalı suvinirlər şənlik iştirakçılarının zövqünü oxşayırdı. Meydan boyu kəndirbazların oyununu təşkil etmək üçün hazırlıq işləri də görülmüşdü. Bir sözlə, həmin gün meydanda əsil bayram əhval-ruhiyyəsi var idi. Şənliyə toplaşanlar şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu, hüquq-mühafizə orqanlarının rəhbərlərini alqış sədaları ilə qarşıladılar. Aparıcıların xoş sözlərindən sonra şəhər mədəniyyət işçilərinin ifasında şux mahnıların sədaları ətrafa yayıldı. Məktəblilər,  Uşaq Gənclər İnkişaf mərkəzinin rəqs qrupunun üzvləri şən rəqslərlə meydana ruh yüksəkliyi bəxş etdilər.
      Ümumşəhər tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış edərək mingəçevirliləri, tədbir iştirakçılarını Novruzun gəlişi münasibətilə ürəkdən təbrik etdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə Novruz tədbirləri ruh yüksəkliyi ilə qeyd olunur, Respublikamızın bütün şəhər və rayonlarında Novruz tonqalları yandırılır. Bu bizim, qalib ölkənin vətəndaşları kimi borcumuzdur. El şənliyini keçirmək uzun illər bizə yasaq olsa da, indi artıq bu bayram şənliyini geniş miqyasda qeyd edə bilirik.
İcra başçısı 44 günlük Qarabağ savaşında şəhid olanlara, ümumiyyətlə bütün şəhidlərimizə Allahdan rəhmət dilədi, qazilərə tezliklə sağalmalarını, öz sağlamlıqlarını bərpa etməyi arzu etdi. Hər bir ailəyə xoşbəxt günlər, süfrələrinin ruzi-bərəkətli olmasını dilədi.
     Bayram şənliyində Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa öz iştirakları ilə yeni tədbirə xoş əhval-ruhiyyə bəxş etdilər. Keçəllə Kosanın məshəkəli oyunları xüsusilə diqqəti cəlb edirdi. Novruz atributlarından sayılan boyanmış yumurtaların döyüşdürülməsi də maraqla qarşılandı.
Şəhər rəhbəri Dədə Qorqud və Bahar qızla birgə bayram tonqalını yandırdı. Tonqal ətrafında məktəblilər yallı gedərək rəqs etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri meydan ətrafında məktəblilərin əl işlərindən ibarət hazırlanmış Novruz sərgisi ilə tanış oldular.  Bir sözlə, martın 19-u mingəçevirlilərin xatirində bayram əhval-ruhiyyəsi ilə qaldı.

 

 

Keçidlər