1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevirdə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına Dostluq parkında silsilə tədbirlər keçirilib.
01 iyun 2022 | 15:03
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. 1950-ci ildən bəri keçirilən bu bayram günü uşaqların sevincinə qoşulmaq, onlar üçün maraqlı proqramlar tərtib etmək, şənləndirmək, hədiyyələrlə sevindirmək artıq ənənəyə çevrilib. Bayram münasibəti ilə Mingəçevirdə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına Dostluq parkında silsilə tədbirlər keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının rəhbərliyi, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri əvvəlcə parkdakı fəvvarənin ətrafında Uşaq Gənclər İnkişaf Mərkəzinin, şəhər mənzil istismar sahələrindəki müxtəlif dərnəklərdə təlimlər keçən uşaqların asfalt üzərində çəkdikləri rəsmlərlə, hazırladıqları əl işləri, sonra Dövlət Rəmzləri Muzeyinin qarşısında uşaqların ağ vərəq üzərindəki rəsmləri ilə tanış oldular. Uşaqlaın əl işləri əsasən dövlətimizin üçrəngli bayrağını, səkkiz güşəli ulduzumuzu, sülhü, azad olunan torpaqlarımızı, vətənpərvərliyi, uşaqların sevincini, günəşi, təbiəti, əhatə edirdi. Əl işlərini təqdim edən uşaqlar eyni zamanda qonaqlara keçirdikləri duyğuları, rəsmləri barədə məlumatlar verir, bayram günü onların sevincinə qoşulan hər kəsə minnətdarlıq ifadə edirdilər. Bayram sevinci yaşayan uşaqlar həm də Dövlət Rəmzləri Muzeyinə daxil olaraq burada vətənpərvərliyi əks etdirən eksponatlarla tanış oldular. İdmançıların yarışlarına, şahmatçıların oyunlarına baxış, avarçəkənlərin çıxışları, şahmat üzrə dünya ikincisi Mehribanın gələcək yarışlarda qazanacağı böyük qələbəyə olan inamı barədə məlumatı da maraqla qarşılandı. Bundan sonra parkda yaradılan yay səhnəsində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları konsert proqramının təqdimatı oldu. Balacaların vətənpərvərlik duyğulu çıxışları, şeirləri, Azərbaycanın milli rəqsləri, hind və dünya xalqlarının müxtəlif rəqsləri, tamaşalardan səhnələr alqışlarla qarşılandı. Vətən müharibəsi şəhidlərinin, qazilərin övladlarının da iştirak etdiyi bu kompozisiya onlar üçün əsl bayram hədiyyəsi oldu. Tədbirin sonunda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı, onların firavan, xöşbəxt gələcəyi, təhsili üçün həyata keçirilən işlər günbəgün genişləndirilir. 30 ilə yaxın düşmən əsarətində qalan torpaqlarımızın 2020-ci ildə məhz möhtərəm cənab prezindent, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun, qəhrəman şəhidlərimizin, qazilərimizin, veteranlarımızın fədakarlığı, şücaəti sayəsində azad olunduğunu, birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu, şəhid və qazilərimizin övladlarının qayğısız böyüməsi üçün lazım olan bütün işlərin görüldüyünü bildirdi. Bu istiqamətdə Heydər Əliyev Fondunun da çox böyük işlər gördüyünü qeyd edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqlara sağlam, xöşbəxt həyat arzuladı. Elimizdə, dünyada sülhün bərqərar olmasını, Azərbaycanın işıqlı sabahının yolçuları, dövlətimizin gələcək əsgərləri olan uşaqları sağlam, vətənə sevgi ruhunda, sevinclə böyütmək və onlara hər zaman qayğı göstərməyin böyüklərn ən birinci vəzifəsi olduğunu qeyd etdi. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi.