1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
01 iyun 2025 | 11:17
Mayın 31-də Şəhid M.Mirzəyev adına Dostluq parkındakı açıq səhnədə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, şəhid ailələrinin və qazilərin uşaqları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir öncəsi qonaqlar ərazidə uşaqların, həmçinin müxtılif MİS-ləri təmsil edən uşaqların asfalt üzərindəki əl işləri ilə tanışlıq ediblər. İdmanın müxtəlif növləri üzrə yarışlarda qələbələr əldə edən qalib idmançılarla görüş maraqlı olub. Açıq səhnədə Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərini təmsil edən uşaqların təqdim etdikləri kompozisiyalar, rəqs nümunələri, şeirlər, mahnı çələngləri alqışlarla qarşılanıb.
Uşaqları əziz gün münasibəti ilə təbrik edən İlham İsmayılov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Azərbaycana uzun illərdən sonra böyük Zəfər qazandırdı. Siz uşaqlar azad və firavanlıq şəraitində böyüyürsünüz, Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız dalğalanır, suverenliyimiz bərpa olunub. Əziz uşaqlar, 1 iyun sizin bayramınızdır, hər birinizi əziz bayram münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, vətənimizin ləyaqətli övladı olmağı arzu edirəm.
Sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 112 şəhid və qazi övladına hədiyyələr təqdim etdi. Xatirə şəkilləri çəkdirildi.