1 avqust Azərbaycanda Ana dili günü kimi qeyd olunur
01 avqust 2022 | 12:30
Azərbaycan iyirminci əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra dövrdə yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə inteqrasiyası üçün yeni perspektivlər açdı, ölkəmizdə yeni, latın qrafikası əsasında tərtib olunmuş əlifbanın tətbiqinə başlanıldı. Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı 552 nömrəli Fərmanı tarixi hadisə kimi yaddaşlarda qalır. Hələ 1978-ci ildə, Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndərin bu istiqamətdə qətiyyətli fəaliyyətinin növbəti parlaq ifadəsi oldu. Ümummilli Liderimiz o zaman fikirlərini konkret ifadə edərək demişdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir”. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir sıra qanunlar qəbul edilmişdir. O qanunların içərisində “Yeni əlifbası layihəsinin hazırlanması haqqında”, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” olan sənədləri xüsusi qeyd etmək istərdik. Azərbaycan Respublikasının qanunları da məhz əsası ötən əsrin 70-ci illərindən qoyulan dil haqqında siyasətin məntiqi davamı kimi ortaya çıxan dövlət sənədləri idi. 1993-cü ilin iyununda ölkə xaos və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşəndə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dövlətin siyasi xəttini müəyyən etdi. Bununla da ölkə Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən birinə çevrildi. Buna görə də Ulu Öndər xalqa müraciət edərək deyirdi: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. 2001-ci il iyun ayının 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” oldu. Məhz bu Fərmanda Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirilirdi. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısından xəbər verir və eyni zamanda da bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılmasının zəruriliyini önəmə çəkir. Milli dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən hər bir tədbir məhz latın qrafikalı ana dilimizdə təşkil olunaraq həyata keçirilir. Mingəçevir şəhərində Ana dili əlifbası kitabının rəmzini əks etdirən abidə kompleksi şəhərimizin simvollarından birinə çevrilib. Dilimizə olan hörmətin və qayğının ifadəsidir bu. Sevindiricidir ki, yeni nəsil, Azərbaycanımızın gələcəyi olan uşaq və yeniyetmələr ana dilimizə bu baxmdan böyük sevgi və məhəbbət nümayiş etdirirlər.