1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
01 avqust 2024 | 17:48
Avqustun 1-i Azərbaycan dili kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan dilini, Ana-dili olaraq qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamına əsasən bu gün öz dilimizin zənginliyi qədimliyi tədris olunmaqdadır. Azərbaycan dilinin zənginliyi hələ Nizami Gəncəvinin dövründən Asiya, Şərqi Asiya, Avropa ölkələrində tanınmışdır. Ustad şairlərimizin əsərlərində Azərbaycan dilinin zənginliyi öz əksini tapmışdır. Ümummilli Liderin layiqli davamçısı cənab Prezidentimizin ana-dilinə göstərdiyi diqqət və qayğı günümüzdə cəmiyyətimizin, xüsusilə təhsilin inkişafına tövhə verməkdədir. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu tarixi proses ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən samballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.