08.08.2025-ci il tarixd' Azərbaycan Ağsaqqallar Şurasının Mingəçevir şəhər şöbəsinin hesabat yığıncağı keçirilib
08 avqust 2025 | 16:08
Avqustun 8-də Azərbaycan Ağsaqqallar Şurasının Mingəçevir şəhər şöbəsinin hesabat yığıncağı keçirilib. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. YAP şəhər təşkilatının iclas zalında keçirilən yığmcaqda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, aparat rəhbəri Ramin Həsənli, mətbuat katibi Rafiq Rzayev, Mingəçevir şəhər şöbəsinin sədri Mustafa Muradov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qurumun yaranma tarixindən söz açıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası 1989-cu ildə təsis edilib, 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 35 illik fəaliyyəti dövründə Şuranın səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi-iqtisadi həyatındakı xidmətlərindən söz açıb. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində ağır sınaqlardan keçmiş Azərbaycanın uğurlarından bəhs edib. Cənab Prezident İlham Əliyevin hər zaman böyüklərə, ziyalılara, ağsaqqallara göstərdiyi hörmət və ehtiramı xüsusən vurğulayıb. Ölkəmizin hər bir sahəsində həyata keçirilən tədbirlərdə, siyasi kampaniyalarda, mədəni kütləvi tədbirlərdə ağsaqallarımızın iştirakı, gənclər və yeniyetmələrə göstərdikləri diqqət qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra qazanılan möhtəşəm Qələbədən, yurdumuzun ərazi bütövlüyünün təmin olunmasından, hər zaman ağsaqqallarımızın ön sırada olmalarından bəhs edən şəhər rəhbəri onlara fəaliyyətlərindı uğurlar arzulayıb. Ağsaqqallar Şurasının Mingəçevir şəhər şöbəsinin sədri Mustafa Muradov bir illik fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edərək gənclərlə keçirilən görüşlərdən, hərbi vətənpərvərlik tədbirlərində iştiraklarından, şəhərimizdə həyata keçirilən abadlıq quruculuq işləri və digər layihələrin reallaşmasına göstərdikləri dəstəkdən bəhs edib. Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın 35 min üzvü olduğunu bildirərək çoxşaxəli fəaliyyətdən söz açıb, bölgələrin şura rəhbərlərinin bir biri ilə əlaqəli şəkildə fəaliyyət göstərmələrini tövsiyyə edib. Yığıncaqda Rizvan Mikayıllı, Adil İsmayılov, İranə Həsənova, Fərman Nəbiyev, Adil İsmayılov, Qurban Vahidov çıxış edərk fikir və təkliflərini bildiriblər. Erkən nikahın fəsadlarının, boşanmaların qarşısının alınmasında ağsaqqal nüfuzunun böyül rol oynadığı qeyd olunub. Həmçinin hüzr mərasimlərinin sadələşdirilməsi, gənclərlə daha geniş görüşlərin keçirilməsi kimi təkliflər səsləndirilib.