Şriftin ölçüsü :

Saytın rəngi :

07.03.2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu.

09 mart 2023 | 12:53

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü mart ayının 7-də Tərəvəzçilik sovxozu yaşayış massivindəki 5 nömrəli tam orta məktəbdə oldu. Görüşə yaşayış massivinin sakinləri, şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvət olunmuşdular. Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev də iştirak edirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamladıqdan sonra ölkəmizdə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, torpaqlarımızın azad olunduğu Qarabağ bölgəsində ardıcıl həyata keçirilən layihələr öz bəhrəsini verməkdədir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələləri həllini tapır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ iqtisadi zonasında böyük yenidənqurma işləri demək olar ki, başa çatmaq üzrədir. Bu bölgədə əmin-amanlığın, sabitliyin qorunması üçün əməli işlər həyata keçirilir. Naxçıvanla Zəngəzur bölgəsinin birləşdirilməsi faktı uzaqda deyil. İcra başçısı dünyanın 70-dən çox ölkəsinin Bakıda keçirilən Qoşulmama hərəkatının Zirvə görüşü haqqında da qısa məlumat verdi. Azərbaycanın nüfuzunun gündən-günə artdığını diqqətə çatdırdı. Eyni zamanda cənab Prezidentin tövsiyyə və tapşırıqlarına uyğun olaraq Mingəçevirdə aparılan abadlıq-quruculuq işləri haqqında da fikirlərini bölüşdü. Bildirdi ki, Mingəçevirdə abadlıq işləri səngimədən davam edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə şəhərimizdə yeni nümunəvi məhəllələr yaradılır, yaşıllaşdırma işləri həyata keçirilir. Su, kanalizasiya sistemində işlər uğurla davam etdirilir. Bu günədək kanalizasiya sisteminin aparılan işlər demək olar ki, 76 faiz həcmində başa çatmışdır. Qaz, işıq xətləri yenilənməklə sakinlərin arzu və istəklərinə uyğun olaraq qurulmaqda davam edir. Bütün bunlar mingəçevirlilərin asudə vaxtlarının təşkilinə, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət göstərir. Məqsədimiz insanları narahat edən məsələləri vaxtında həll edib onlara nümunəvi şərait yaratmaqdır. Bu günkü görüşdə də sizin problemlərinizi dinləmək və ona uyğun olaraq fəaliyyət proqramı həyata keçirməkdir. Zalda qoyulmuş sərbəst mikrafondan istifadə edərək fikir və arzularınızı, istəklərinizi bildirməyinizi xahiş edirəm. Görüşdə Tərəvəzçilik sovxozu yaşayış massivi sakinlərindən Vaqif Məhərrəmov, Əli Şabranov, Adil Heydərov, Qoşqar Bahadurbəyli, Şirin Daureşova, Mənsumə İsmayılova, Mədət Əsədov və başqaları çıxış edərək görülən işlərə görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Qarşılaşdıqları bir sıra problemləri diqqətə çatdırmaqla onun həllinə nail olmağı xahiş etdilər. Bu problemlər arasında diqqəti cəlb edən əsasən sovxoz əhalisinin torpaqlarının sulanması üçün Qarabağ kanalından su xətti çəkilməsini istəmələri əsas məsələ kimi diqqətə çatdırıldı. Eyni zamansda bir çox ərazilərə qaz xəttinin çəkilməsini, yollara asfalt döşənməsini, işıqlanma dirəklərinin qoyulmasını, eləcə də kanalizasiyanın normal vəziyyətə salınmasını istəmələri oldu. Sakinlərdən Tərəvəzçilik sovxozu yaşayış massivində uşaq bağçasının olmaması fikri aktuallığa çevrildi. 8 saylı marşrut avtobusunun sovxozun bütün ərazisini əhatə etməməsi, sürücülər üçün müəyyən şəraitin yaranmamsı, avtobus dayanacaqlarının olmaması fikri də diqqət mərkəzində oldu. Sakinlərin iş istəyi və digər şəxsi məsələlər səsləndirildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər polis şöbəsinin rəisi Ədalər Əliyev sakinlərin qaldırdıqları məsələlərə aydınlıq gətirməklə fikirlərini çatdırdılar. İ.İsmayılov görüşdə iştirak edən aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İcra Hakimiyətinin məsul şəxslərinə tapşırıqlarını verdi. Məsələlərin yerindəcə həll edilməsi üçün sakinlərlə sıx təmasda olmağı tapşırdı.

Keçidlər