Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahəsindən biridir. Bu sahənin fəaliyyəti sabitliyin və sosial inkişafın əsas göstəricisidir. Məşğul əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır.
2019-cu il üzrə şəhərin əsas göstəriciləri aşağıdakı kimidir; Sənaye məhsulu istehsalı 3.2 % artaraq 315170,1 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4,2 % artaraq 68843,5 min manat, İnformasiya və rabitə xidmətlərinin həcmi 32,9 % artaraq 1574,3 min manat, pərakəndə əmtəə dövriyyəsi 3,6 % artaraq 356952,2 min manat təşkil etmişdir. Şəhər üzrə orta aylıq əmək haqqı 401,3 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 477,5 manat təşkil etmişdir. 2019-cu il ərzində 1914 yeni iş yeri yaradılmışdır ki, onunda 1385-i daimi iş yeridir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması şəhərin iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları verilir.