Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində İndoneziyanın səfiri ilə görüş keçirildi.

29 iyul 2021 | 16:00

İyulun 29-da İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri cənab Hildi Hamidi Mingəçevir şəhərində səfərdə olmuşdur. Hörmətli qonağı şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşılamışdır.  Şəhər İcra Hakimiyyətinin başçısı qonaqları salamlayaraq onlara xoşgəldin demiş və şəhərimiz haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, 11 noyabr 1948-ci ildə Mingəçevir şəhər statusu almışdır; ərazisi -130 kv.kilometrdir; yerli əhalisi -106459 nəfər; məcburi köçkün- 20306 nəfərdir. Son illər şəhərdə su xətti sistemi yenilənib; istilik sistemi 2 məhəllədə  yenilənib; Heydər Əliyev Mərkəzi, Gənclər evi 2013-cü ildən fəaliyyət göstərir;  ötən il “Dövlət rəmzləri” muzeyi tikilib istifadəyə verilmişdir; park və xibayanlar salınıb, yol infrastrukturu əsaslı təmir olunub, binaların dam örtüyü, fasadı yenilənib, hazırda işlər davam etməkdədir. 14,8 hektar  sahədə sənaye parkı yaradılıb, 27 fevral 2018-ci il tarixdən İplik 1 və İplik 2 fabrikləri istifadəyə verilib, burada 9 fabrik olacaq, hazırda 2 fabrikdə 650 nəfər işçi işləyir.
Mingəçevir Yüksək Texnologiyalar parkı 2015-ci ildən “Kür Elektrik Avadanlıqları İstehsalı” MMC-nin bazasında fəaliyyət göstərir; “Asan Həyat” kompleksi 27 fevral 2018-ci il tarixdən fəaliyyət göstərir, 11 dövlət orqanına 250-dən çox xidmət göstərilir, 2019-cu ildən “Asan peşə” istifadəyə verilmişdir; “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi” MMC 1953-cü ildən fəaliyyət göstərir, burada 6 hidroaqreqat  işləyir, stansiyanın gücü 424,6 MVT-dır; “Azərbaycan İES” MMC 1981-cı ildən istifadəyə verilmiş, stansiyanın gücü 2400 MVT-dır, 8 blokdan ibarətdir. Hazırda 4-ü fəaliyyət göstərir, 1-si təmirdədir, 3-ü ehtiyatdadır, ölkə üzrə enerjinin 35-40%-i Mingəçevirin üzərinə düşür; “Azneftemaş” ASC 1956-cı ildən fəaliyyət göstərir. Müxtəlif maşınqayırma və neft avadanlıqları hissələri istehsal edir; “Akkord Mingəçevir Maşınqayırma zavodu”ASC 1959-cu ildən fəaliyyət göstərir, Mühəndis-texniki konstruksiyalar istehsal edir; “İnterenerji Elektrik Beton dayaqları İstehsalı” MMC -2005-ci ildən fəaliyyət göstərir. Müxtəlif gərginlikli elektrik xətləri üçün beton dayaqlar istehsal edir; “Mingəçevir İzolit” ASC 1965-ci ildən fəaliyyət göstərir. Şüşə plastik və polietilen borular istehsal edir; “Kür Olimpiya Tədris İdman Mərkəzi” 1979-cu ildən fəaliyyət göstərir. 2010-cu ildən əsaslı şəkildə yenidən qurulub. 500 yerlik idman zalı, 50 m-lik üşgünclük hovuzu, tennis kortu, 30 m-lik müşahidə qülləsi, anqar, trenojyor zalı vardır. İlk Avropa oyunlarında avarşəkmə yarışları burada keçirilib; şəhərdə 4 ulduzlu otellər (River Side, Kür Otel, Ağsaray) fəaliyyət göstərir. Şəhər stadionu 1953-cü ildən tikilib, son illər əsaslı təmir edilib 5100  tamaşaçı yeri var; Mingəçevir Su anbarının uzunluğu 70 km, eni 18 km, orta  dərinliyi 27 metr, maksimal dərinliyi 83 metrdir. Su tutumu 15,7 milyard kub metr, bəndin uzunluğu 1550 metrdir, Mingəçevir Su anbarında suvarma sistemi üçün Şirvan və Yuxarı Qarabağ kanalları çəkilibdir və Azərbaycanın kənd təsərrüfatı üçün bu kanalların böyük əhəmiyyəti vardır; Mingəçevir qədim yaşayış məskənidir, Arxeoloji qazıntılar sübut  etmişdir ki, yaşayış məskəni kimi 4-5 min illik tarixi var. Mingəçevir şəhərində 1 Universitet, 2 kollec, 1 peşə məktəbi, 2 lisey, 20 orta məktəb, 1 gimnaziya, 3 musiqi məktəbi, 21 uşaq bağçası, Dövlət Dram Teatrı, rəsm qalareyası, şahmat məktəbi, muzey, 12 kitabxana, 6 mədəniyyət evi-klub, 2 qəzet redaksiyası, şəhər Mərkəzi Xəstəxanası fəaliyyət göstərir. Xəstəxanada 2017-ci ildən İcbari Tibbi Sığorta üzrə pilot layihə həyata keçirilib. 2020-ci ilin 01 yanvar tarixdən İcbari Tibbi Sığortanın tətbiqinə başlanılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılov çıxışına davam edərək bildirdi ki, 30 ilə yaxın bir dövrdə Ermənistan respublikası Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq siyasəti yeridir. Bu müddət ərzində heç bir beynəlxalq qanunlara sığmayan hərəkətləri ilə Azərbaycan ərazisinin bütövlüyü Ermənistan tərəfindən pozulmuşdur. 2020-ci ildə dəfələrlə Azərbaycan ərazisinə təxribatlar təşkil edən Ermənistan respublikası axırıncı dəfə ötən ilin iyul ayında Azərbaycan üçün strateji əhəmiyyəti olan Tovuz rayonu ərazisində Azərbaycan sərhədlərini pozmuşdur. Onların bu pozuculuq təxribatının qarşısı Azərbaycan ordusu tərəfindən alınmışdır. Buna baxmayaraq sentyabr ayının 27-də Ermənistan  Dağlıq Qarabağ ərazisindən yeni ərazilər ələ keçirmək məqsədilə Azərbaycana qarşı geniş miqyaslı təxribat törədərək bütün cəbhə boyu hücuma başlamışdır. Lakin, Azərbaycan ordusu bu təxribatların qarşısını almaq üçün əks hücum əməliyyatlarına başlamışdır. 44 günlük müharibə zamanı Azərbaycan ordusu üstünlük əldə edərək işğal altında olan 8 rayonu azad etmiş, sərhədlərimizin bərpasına nail olmuşdur. Erməni ordusunun məğlubiyyəti ilə barışmayan ermənilərin sərhəd boyu iri çaplı silahlar və raketlər vasitəsilə dinc əhaliyə mərmi atması  nəticəsində Azərbaycanın mülki əhalisi külli miqdarda ziyana məruz qalmışdır. Sərhəd boyu: Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan rayonlarının mülki əhalisinə ziyan vurmaqla bərabər respublikanın ən böyük şəhərləri olan Gəncə və Mingəçevir şəhərlərinin də mülki əhalisi atəşə məruz qalmışdır. Mingəçevir şəhərində 45 yaşayış sahəsinə ziyan dəymiş, 5 nəfər yaralanmışdır.
“Smeç” və “Toçka U” raketlərinin bir neçəsi “Azərenerji” ASC-nin Mingəçevir şəhər İstilik Elektrik Stansiyası ərazisinə və ətrafına düşmüşdür. Bu isə  ölkənin ən böyük enerji istehsal edən  müəssisəsi üçün təhlükə demək idi. Şəhər əhalisi də bundan çox narahatlıq keçirdi.
Bildirmək istəyirəm ki, Ermənistanın bu hərəkəti Beynəlxalq konvensiyaların qərarlarının pozulmasıdır. Ancaq Azərbaycan Respublikasının Prezidenti 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərdə imzalanmış bəyanatlara sadiqdir və regionda sülhün təminatçısıdır.
İndoneziyanın Azərbaycan Respublikasındakı səfiri cənab Hildi Hamidi görüşdən məmnunluq hissi keçirdiyini dilə gətirərək şəhərlə bağlı xoş təəssüratlarını bölüşdü. Qeyd etdi ki, uzun illər dövlət qulluğunda işlədiyinə görə Mingəçevirin infrastrukturu onun diqqətini cəlb edir və buna görə də bu şəhərlə bağlılığa üstünlük verir. Mingəçevir həqiqətən gözəl şəhər olmaqla yanaşı, həm də gözəl turizm imkanlarına malikdir. Məqsədimiz burada əlaqələri inkişaf etdirmək, sahibkarlarla görüşlər keçirməklə ehtiyacları və potensial imkanları üzə çıxardaraq hərəkətə gətirmək, bu sahədə təbliğat və təşviqat işlərinə üstünlük verməkdir. Mingəçevirlə İndoneziyanın şəhərlərindən birinin qardaşlıq əlaqələrinin yaradılmasına nail olmaqdır.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hörmətli qonağın sözlərinə təkan verərək bu cür təşəbbüslərin işə daha böyük kömək göstərə biləcəyini qeyd etdi.
Hildi Hamidi Mingəçevirdə balıqçılıq sənayesinin inkişafı sahəsinə toxunaraq qeyd etdi ki, bu çox gözəl yaradıcılıq imkanları verə bilər. Mingəçevirdə su hövzəsinin çox olması buna imkan verir, İndoneziyada da belədir. Kür çayına diqqət yetirəndə sanki İndoneziya yadıma düşür. Ona görə də Mingəçevir bizə doğma şəhər kimi görünür.
Görüş zamanı səfiri maraqlandıran bir sıra aktual məsələlərə də toxunuldu, qonaqları maraqlandıran suallara cavab verildi.
Görüşdən xatirə olaraq suvenirlər hədiyyə olundu. Xatirə şəkilləri çəkdirildi.
Həmin gün cənab Hildi Hamid “Htech İnvest” MMC-yə, “Mingəçevir Tekstil” MMC-yə, Mingəçevir Su Elektrik Stansiyasına və Mingəçevir Su Anbarı ətrafındakı balıqçılıq təsərrüfatına səfər etməklə, “Ağsaray” otelində sahibkarlarla işgüzar görüş keçirəcək.

Keçidlər