Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

27 iyul 2021 | 16:00


Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Orucov noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş Orucov Tural Əmir oğlunun və qazi Seyfullayev Tural Əli oğlunun evləri ölkə rəhbəri cənab Prezident İlham Əliyevin tapşırığı ilə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailəsinə dəstək olunaraq yaşadıqları evlər təmir olunur. Təmiri işləri yekunlaşdıqdan sonra evlər şəhid və qazinin ailəsinə təhvil veriləcək.

Keçidlər