Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız tarixin ən şərəfli anlarını yaşayır.

05 oktyabr 2020 | 16:00

Ermənistan işğalçı dövlətdir. Bunu dünya birliyi bilir. Ermənilər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayır və danışıqlar yolu ilə geri qaytarmaq istəmir. Azərbaycanın heç bir zaman başqasının torpağında gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir, daha doğrusu ədalətin bərpa olunmasını tələb edir. İllər boyu aparılan danışıqların heç bir nəticə göstərmədiyini görən Azərbaycan dövlətinin rəhbəri və xalqı bilir ki, düşmən torpaqlardan sakitliklə çıxmayacaq. Çünki ermənilər durmadan bölgələrimizi atəşə tutur, dinc əhaliyə xəsarət yetirirlər. Bu gün isə, sentyabrın 27-dən bəri düşmənə verilən adekvat cavabdan qorxuya düşən düşmən danışıqların aparılmasını istəyir. Lakin artıq çox gecdir. 
     Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Hazırda düşmənin danışıqlar istəməsi onun növbəti hiyləgərliyindən xəbər verir.  Çünki, sülhsevər Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir.
    Şanlı Azərbaycan Ordusunun qısa zaman ərzində yurd yerlərimizi azad etməklə üçrəngli bayrağımızı göylərə qaldırması kimi xoş xəbərləri eşitdikcə xalqımız fərəhlənir. Qəhrəman hərbçilərimizin cəsarətlə düşmənə cavab verməsi xalqımızın vətənpərvərliyinin nümunəsidir. Hər bir qələbə xəbərini verən dövlətimizin başçısı İlham Əliyev bizlərə inam və sevinc bəxş edir, hərbçilərimizi ruhlandırır. Dünən, oktyabrın 4-də xalqa növbəti dəfə müraciət edən Prezidentimiz İlham Əliyev yeni bir qələbə müjdəsini verdi: Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.
Bu gün Azərbaycanın şanlı tarixi yazılır, deyən dövlətimizin başçısı vurğulayıb ki, xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
     Fərəhlə demək olar ki, Qarabağa həyat qayıdacaqdır. Qazanılan qələbələr bunu deməyə əsas verir. Ermənilərin bütün silah sursatları yerə qoyaraq  geri baxmadan qaçması o deməkdir ki, sadə ermənilərə özgə torpağı lazım deyil, onlar müharibə istəmirlər. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni cəhdlərinə son qoyulacaqdır.
     İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir. Gözəl xəbərləri eşidən insanlar bir–birlərinə gözaydınlığı verir, qara buludların yurdumuzun, xalqımızın başı üzərindən qaldırılmasını Allahdan arzu edirlər. Azərbaycanın Milli Ordusu ötən illər ərzində güclənib, formalaşıb, bazası genişlənib. Torpaqlarımızı qorumağa, düşməndən azad etməyə qadir olan Ordumuz, könüllü döyüşlərə qatılan vətən övladları tariximizin şanlı səhifəsini yaradır, ölümün gözünə dik baxırlar. Ermənilər görür ki, güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır.
     İşğalçı Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir.
Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Orada yaşayan insanlar çətinliklərlə üz-üzədir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Ermənistan rəsmisninin bu cəfəng fikirlərinin yalan olduğunu dünya birliyi bilir, lakin kimlərəsə, yəni ermənilərin havadarlarına sərf edir ki, bu cür təxribatçı siyasət uzansın.  Çünki Azərbaycanın, türk dünyasının gündən-günə güclənməsini istəməyən dövlətlər qorxu içindədirlər. Separatçı niyyətli dövlətlərin qara düşüncələri özlərini qaranlığa sürükləyəcəkdir. Bu tarixən belə olub.
     Ən ədalətsiz hal odur ki, beynəlxalq təşkilatlar ötən illər ərzində Ermənistana təsir etmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi, bizim ərazilərimizi atəşə tutmasına dur, atəş açma, deyən olmadı. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür. Bu hal Azərbaycan dövlətinin hüquqlarına ziddir. Torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi tələbini yerinə yetirməyən Ermənistan işğalçlılıq siyasətindən də bir addım irəli gedib, əraziləri, inzibati binaları, torpaqları, insanları hədəfə tutaraq atəşlər açır, cinayət törədirlər.
Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub, bunu bütün dünya dövlətləri, beynəlxalq qurumlar bilir. Lakin məsələyə göstərilən biganə münasibət xalqımızı yorub.  Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirib.
     Bu gün isə Azərbaycanın adekvat cavabından qorxuya düşən işğalçı ermənilərin geri qaçması onların qorxaqlığının təcəssümüdür. Onlar indi danışıqlar istəsələr də  Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənib.
Təhrik niyyətli erməni siyasəti. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar.  Xalqa müraciətində insanları təşvişə düşməməyə çağıran dövlətimizin başçısı İlham Əliyev  bildirib ki, işğaldan azad olan ərazilərimizdə Azərbaycan bayrağı ucaldılır.
      Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Azərbaycanın yalnız  bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır! Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil.
     Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.
     Erməni havadarlarına Azərbaycandan tarixi dərslər verilir. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
      Fərəhlə demək olar ki, Azərbaycan xalqı şərəfli anları yaşayır.  Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. İşğal altında qalan digər yurd yerlərimiz də azad ediləcək, dövlətimiz, xalqımız qələbə  sevincini yaşayacaqdır.
O gün yaxındadır. Qarabağ Azərbaycandır!


             Namaz manafov
             MDU-nun dosenti


 

Keçidlər