Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib.

02 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Vaqif oğlu Bayramov avqustun 2-də universitetin kollektivinə təqdim edilib.
   Rektoru təqdim edən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Şahin Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti haqqında məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. Cənab nazir çıxışının sonunda Mingəçevir Dövlət Universitetində 28 il rektor səlahiyyətlərini icra edən, tədris işləri üzrə prorektor və  kollektivin sonsuz hörmətini qazanmış Akif Hacıyevə təşəkkür edib.
   Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini bildirib. 
   Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. Qeyd edib ki, prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. İlham İsmayılov bildirib ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Şəhər rəhbəri İlham İsmayılov yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

Keçidlər