Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib

25 fevral 2018 | 16:00

Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində  silsilə tədbirlərlə qeyd olunub. Fəal tələbələrin iştirakı ilə  inşa, rəsm, ən yaxşı divar qəzeti  müsabiqələri və idman  turniri keçirilib, dəyrimi masa təşkil olunub və fənn birliklərində əhəmiyyətli  müzakirələr  aparılıb. Eyni zamanda Xocalı Soyqırımına həsr olunmuş rəsm sərgisi və elmi- nəzəri konfrans gerçəkləşdirilib.
Öncə konfrans iştirakçıları  faciə qurbanlarının xatirəsinə həsr  edilmiş sərgini ziyarət edib. Burada hər kəs istedadlı tələbələrin vətənpərvər yaradıcı təxayülünün say seçmə nümunələri ilə tanış olub. Eyni zamanda iştirakçılara Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Ardınca anım tədbiri iştirakçıları “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı elmi-nəzəri konfransda bir araya gəlib.
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov faciə qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib. Daha sonra çıxışına davam edən  professor Xocalı Soyqırımı, faciəni törədən qatillər və himayədarları, soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən  ətraflı söhbət açıb:
“Xocalı soyqırımı bəşər övladının indiyədək yaşadığı ən dəhşətli faciədir. Bu barədə illər sonra həyəcansız və hiddətsiz danışmaq mümkün deyil. Qatil ermənistan rejiminin və himayədarlarının xalqımızın başına gətirdiyi  vəhşilik və qətliam ifadə olunması çox çətin olan hadisələrdir. Biz ulu öndər  Heydər Əliyevin Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsində göstərmiş olduğu qətiyyəti və fədakarlığı da heç vaxt unutmamalıyıq. Xüsusilə də dövlətimizin  maraqlarını beynəlxalq aləmdə qorumaq iqtidarında olan diaspora təşkilatların yaradılması dahi şəxsiyyətin xidmətləri ilə bağlı olub.   Etiraf etmək lazımdır ki. həmin missiya bu gün prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev  Fondu, aidiyaatı dövlət qurumları və ictimai təsisatlar tərəfindən uğurla davam etdirilir. Bütün imkanlardan istifadə olunur. Nəticəsi də odur ki, ilbəil Xocalı Soyqırımını  rəsmən tanıyan dövlətlərin coğrafiyası genişlənməkdə davam edir. İnanırıq ki, bir gün qatillər layiq olduğu cəzanı alacaq.”
Ardınca Xocalı faciəsindən bəhs edilən sənədli filmə baxış keçirilib. Ardınca Xocalı faciəsinə həsr olunmuş  inşa yazı müsabiqəsinin qaliblərinə-Yasəmən Məmmədova, Könül Surxayeva və Rövşanə Baxşəlizadəyə fəxri fərmanlar təqdim olunub.
Daha sonra konfransda digər məzmunlu məruzələr dinlənilib. Pedaqoqlar  Aygün  Hümbətova, Fəxriyə Məbudova və Jalə Məmmədova müvafiq olaraq  “Xocalı faciəsi ermənlər tərəfindən həyata keçirilən etnik təmizləmə soyqırımının ən qanlı səhifəsidir”, “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı” və “Dünya Xocalı Soyqırımını tanımalı  adlı “ mövzularda çıxış edib.
Daha sonra konfrans Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu  ağrılı-acılı  hadisələri yüksək peşəkarlıqla, faktların dili və poetik tərzdə iştirakçılara təqdim edib.
Konfransa yekun vuran professor Əyyub Əyyubov  faciə qurbanlarının axıdılmış qanının və intiqamının yerdə qalmayacağını  bildirib:
“Azərbaycan dövləti və ordusu günü-gündən  daha da güclənir.  Xalqın və prezidentimizin  mövqeyi qətidir. Ordumuzun uğurlu aprel döyüşləri bunu əminliklə söyləməyə imkan verir. Biz mütləq torpaqlarımızın ərazi bütövlüyünü bərpa edəcəyik. Hər kəs üzərinə düşəni dərk etməli, xüsusilə də gənclər bu ruhda tərbiyə olunmalıdır. Bax o zaman   düşmən layiqli cəzasını alacaq və  şəhidlərimizin ruhu rahatlıq tapacaq”.

 

 

 

 

 

 

 

Keçidlər