Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib

19 yanvar 2018 | 16:00

Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb. Fənn birliklərində və dəyrimi masa ətafı tədbirlərdə aktual müzakirələr aparılıb, tələbələrin iştirakı ilə rəsm və inşa müsabiqələri təşkil edilib, ən yaxşı divar qəzetlərinin xüsusi buraxılışları kollektivə və müəssisənin qonaqlarına nümayiş olunub.

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru –iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik  sükutla yad etməyi təklif edib. Bundan sonra çıxışına davam edən professor Əyyub Əyyubov Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə dair dəyərli faktlar açıqlayıb. Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın davranışını böyük qəhrəmanlıq nümunəsi adlandırıb. Əyyub Əyyubov  hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində sərt açıqlamalarla çıxış edən, daha sonra  siyasi hakimiyətdə olduğu dönəmlərdə faciyəyə hüquqi, siyasi qiymət verilməsinə nail olmuş ümummilli lider Heydər Əliyevin iradəsi və vətənpərvərliyi önündə baş əydiklərini bildirib:

   “Xalqımızın qəhrəmanlığı və şəhidlərimizin hünəri sayəsində Azərbaycan xalqı dünyada heç də hər millətə nəsib olmayan müstəqil dövlətçiliyinə qovuşdu. Biz azadlığın necə dəyərli nemət olduğunu müstəqillik dönəmində daha dərindən anladıq. Buna görə də müstəqilliyimizin əbədi olması üçün hər cür fədakarlığa hazır olmalıyıq”

Anım tədbirləri silsiləsinə daxil olan tələbələrin əl işlərindən ibarət sərgi və elmi- nəzəri konfrans əhəmiyyəti və diqqətə layiq məqamları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Öncə kollec rəhbərliyinin, pedaqoq və tələbələrin iştirakı ilə rəsm və əl işləri sərgisinə baxış keçirilib. Qeyd edək ki, sərgidə  dövlətçilik ənənələrindən, xalqın mübarizə tarixindən və 20 yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib. Eyni zamanda monitor vasitəsilə sərgi iştirakçılarına 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub.

Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərin vətənpərvər ruhunun möhkəmləndirilməsi üçün pedoqoji heyətin üzərinə düşən  strateji vəzifələrdən danışıb.  Hər kəsi daim Azərbaycanın şərəfli tarixi və milli dəyərləri haqqında məlumatlı olmağa və mövcud ənənələrin qorunmasında vətəndaş fəallığı nümayiş etdirməyə  səsləyib.  Bu mənada ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Cumhuriyyət ili elan olunmasını Azərbaycan xalqının tarixinə verilən dəyərli  hadisə adlandırıb.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər