Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində görkəmli sənətkar Bülbülün 120 illik yubileyi qeyd olunub

21 noyabr 2017 | 16:00

      Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət planına uyğun olaraq Mingəçevir Turizm Kollecində Azərbaycan vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi qeyd olunub. Silsilə tədbirlərlə anılan  yubiley mərasimi pedaqoq və tələbələrin yüksək fəallığı ilə yadda qalıb. O cümlədən tələbələr arasında keçirilən əl işləri və ən yaxşı ifaçı müsabiqələri maraqlı sənət nümunələrinin ortaya çıxmasına və gənclər arasında yeni istedadların aşikar edilməsinə səbəb olub. Daha sonra ən layiqli əl işi nümunələri kollecin foyesində təşkil olunan Sərgidə nümayiş olunub.Yubiley tədbirlərinin zirvə nöqtəsi olan elmi-nəzəri konfrans iştirakçıları da konfrans öncəsi məhz həmin sərgiyə baxış keçirib, görkəmli sənətkar  Bülbülün həyat və yaradıcılığınının əks olunduğu maraqlı əl işlərindən zövq alıb.
     Daha sonra  Azərbaycan vokal sənətinin banisi olan Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Görkəmli sənətkarın şərəfli ömür yolu və əsrarəngiz yaradıcılığı barədə ətaraflı məlumat verən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Bülbülü Azərbaycan İncəsənətinin xəzinəsi adlandırıb:
      “Bülbül  sadəcə ifaçı deyildi, o heç də hər kəsin böyük ustalıqla  ifa etmək iqtidarında olmadığı  çətin musiqi janrlarının bilicisi və mahir ifaçısı idi. Hələ Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı İbn Salam, Aşıq Qərib, Koroğlu, Kərəm obrazları qibtə olunacaq sənət səlnaməsidir. Çoxsaylı romanslar, muğam nümunələri və xalq mahnıları məhz onun ifasında əsl zirvə nöqtəsinə yetişib. Eyni zamanda Bülbül istedadlı pedaqoq və tədqiqatçı kimi uğurlu həyat yolu keçib. İllər, əsrlər keçsə də onun valehedici səsi hafizələrə mənəvi rahatlıq bəxş edəcək.”
Bundan sonra Bülbülün həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış keçirilib.
       Daha sonra digər məruzələr dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova, Əşrəf Əsgərov və Aybəniz Əliyeva   “Unudulmaz Bülbül haqqında xatirələr”, “Bülbülün musiqi dünyasında xidmətləri”, “Azərbaycanın dahi sənətkarı”  və “Murtuza Məmmədovun ev muzeyi” mövzularında çıxış edərək Bülbül yaradıcılığından  biri-birindən maraqlı fikirlər açıqlayıb.Hər kəs onu dahi və ölməz sənətkar olaraq xarakterizə edib.
Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə  başa çatıb.

 

 

 

 

 

 

 

Keçidlər