Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə ictimaiyyət nümayəndələrinin toplantısı keçirilib

04 aprel 2016 | 16:00

Aprelin 4-də Mingəçevirdə ictimaiyyət nümayəndələrinin toplantısı keçirilib. Toplantıda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali baş komandan cənab İlham Əliyev Azərbaycan dövlətinin və xalqının mənafeyinin müdafiəsi, haqq səsinin beynəlxalq təşkilatlara, dünya xalqlarına və dövlətlərinə çatdırılması istiqamətində daimi və qətiyyətli fəaliyyət göstərir. Cənab Prezident xarici dövlətlərə etdiyi bütün səfərlərdə, keçirdiyi görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə həmişə Azərbaycanın mövqeyinin ədalətli müdafiəsi üçün çıxışlar edir, izahatlar verir, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin beynəlxalq normalara uyğun, ədalətli həlli üçün müraciətlər edir, hamını bu problemin həllində qanunauyğun mövqe tutmağa çağırır. Cənab Prezidentin bu günlərdə, daha dəqiqi aprel ayının 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, sammit çərçivəsində keçirdiyi görüşlər və sammitdəki çıxışında söylədiyi fikirlər bir daha göstərdi ki, cənab Prezident bu ağrılı problemin həllində israrlıdır. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin sülh məramlı, beynəlxaq qanunlara uyğun nizamlama təklifi işğalçı Ermənistanın növbəti silahlı təxribat addımı ilə nəticələndi. Azərbaycan ordusu ermənilərin bu təxribatının qarşısını qəhrəmancasına aldı, eyni zamanda, daha əlverişli hərbi mövqeləri geri alaraq təmas xəttində Azərbaycanın üstünlüyünü daha da möhkəmləndirdi. Ölkə Prezidenti ermənilərin bu növbəti silahli təxribatı ilə əlaqədar yaranmış vəziyyəti müzakirə etmək üçün aprel ayının 3-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasını keçirdi. İclasda çıxış edən Ali baş komandan yaranmış vəziyyəti dəqiq təhlil etdi, münaqişənin həlli istiqamətində Azərbaycanın son dövrlər apardığı fəaliyyət, eləcə də, aparıcı dövlətlərin bu münaqişənin həllində mövqeyini bildirməklə, ermənilərin vaxtaşırı sülh prosesinə zərbə vurduğunu, hər cür təxribatlara əl ataraq vəziyyəti gərginləşdirdiyini, daima bütün Beynəlxalq normaları pozduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını, işğal etdiyi ərazilərimizdə törətdiyi vəhşilikləri bir daha nəzərə çatdıraraq Azərbaycanın prinsipial mövqeyini qeyd etdi. Cənab Prezident bir daha  bizim ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını, bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa biləcəyini, Azərbaycanın münaqişənin həllində öz prinsipial mövqeyindən heç vaxt dönməyəcəyini bəyan edərək, sülh danışıqlarından qaçılmadığını, lakin eyni zamanda ordumuzun gücünü daha da artıracağımızı, bütün erməni təxribatlarının cavabsız qalmayacağını bildirdi. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin bu mövqeyini qətiyyətlə, birmənalı dəstəkləyir və hesab edirik ki, bu mövqe ən düzgün  mövqedir, xalqımızın, dövlətimizin mənafeyinə uyğun mövqedir.
     Sonra YAP şəhər Təşkilatının sədri Cavanşir Yusubov, şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Şəhər Veteranlar Şurasının sədr müavini Tahir Məmmədov, şəhid ailəsi İranə Həsənova, Qarabağ əlilləri Əlağa Bəndəliyev və Məxluq Həsənov, Şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Sahil Hüseynov, şəhər Ziyalilar Cəmityyətinin sədri Əyyub Əyyubov çıxış edərək bildirdilər ki, Cənab Prezident, ali baş komandanın ölkəmizin ərazi bütövlüyünün qorunması, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində gərgin və prinsipial mövqeyi və fəal fəaliyyəti hamı tərəfindən bəyənilir, dəstəklənir və bu fəaliyyətdə hamımız cənab Prezidentləyik, onun hər bir əmri, göstərişi hər birimiz tərəfindən ani olaraq icra olunacaqdır.

Keçidlər