Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə Mingəçevirdə ümumşəhər bayram tədbiri keçirilib

18 mart 2016 | 16:00

Martın 18-də xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə Mingəçevirdə ümumşəhər bayram tədbiri keçirilib. Novruzun gəlişini tərənnüm edən plakatlarla bəzədilmiş Səməd Vurğun meydanında keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib. Şəhərin tanınmış incəsənət ustalarının, muğam ifaçılarının, uşaq yaradıcılıq mərkəzinin, dram teatırın və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Bayram tədbirində şəhər ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi hər kəsin marağına səbəb olub. Alqış sədaları altında Novruz tonqalı qalanıb.
     Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov baharın gəlişi münasibəti ilə təbriklərini çatdırıb. Qədim el bayramının zənginliyindən, insanlara xoş hisslər aşılamasından danışıb. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayram dövlət səviyyəsində qeyd olunmağa başlayıb. Milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verən Prezident İlham Əliyev də tarixi keçmişimizi, ənənələrimizi yüksək dəyərləndirir.
   Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazın nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları xoş anlar yaşadıb. Şənlik boyu Novruz adətləri göstərilib, yumurta döyüşdürülüb. Bayram şənliyi maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər