Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlarla görüş keçirilib

21 yanvar 2016 | 16:00

Yanvarın 21-də Mingəçevir şəhər İcra Hakimiyyətinin iclas zalında şəhərin sahibkarları ilə görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri, Ərazi Vergilər İdarəsinin, Əmlak Komitəsinin nümayəndələri iştirak ediblər. Sahibkarları salamlayan şəhər İcra Hakimiyyətinin başçısı ölkə prezidenti İlham Əliyevin 10 yanvar 2016 -cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi yekun nitqində sahibkarlarla bağlı fikirlərinə toxunub. Cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Niyazi Bayramov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanıb. O, sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən digər məsələlərlə maraqlanaraq, keçirilən görüşün əsas məqsədinin neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayaraq və sahibkarlardan öz təkliflərini açıq söyləmələrini bildirib.
     Görüşdə şəhər prokuroru Azad Qarayev və şəhər məhkəməsinin sədri Rasim Kazımov çıxış edərək qeyd ediblər ki, güclü iqtisadiyyat dövlətin inkişafına təkan verən əsas amildir. Ona görə də süni qiymət artımına, istehlak qiymətlərinə ciddi nəzarət olunmalıdır. Lakin müxalif yönümlü bəzi qüvvələr var ki, ölkədə sabitliyi pozmağa çalışırlar. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı özünü sahibkar adlandıran bir sıra işbazlar qiymətləri süni şəkildə qaldırmaqla şəxsi mənafelərini güdürlər. Çıxış edənlər qəti bildirdilər ki, hamılıqla süni bahalaşmaya son qoyulmalıdır. Süni bahalaşma yaradaraq ictimai asayişi pozmağa çalışan, hüquqa zidd hərəkətlər edənlərin qarşısını almaq lazımdır, çox ciddi cəza tədbirləri görülməlidir
     Görüşdə sahibkarlardan Rəhman Qurbanov, Vaqif Həsənov, Əlif Abbasov, Nəriman Hüseynov, Nəsib  Süleymanov və başqaları çıxış edərək fəaliyyət sahələrindəki problemlərdən danışıblar. Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran və narahat edən suallar aidiyyəti orqanların nümayəndələri tərəfindən cavablandırılıb.

Keçidlər